Sənaye inqilabı, texnoloji ilklər, dərinləşən təbəqələşmə sistemi və siyasi islahatlar. Müasir Britaniya Monarxiyası və siyasi hərəkatların yaranması “Viktoriya erası” ilə əlaqələndirilir. 1837-ci ildə taxta çıxan I Viktoriyanın hakimiyyəti dövrünü və bir az da uzun vaxtı əhatə edən bu era Böyük Britaniya tarixində yüksək sosial rifahı, zənginlik və böyüklüyü, eyni zamanda ikili standartları xarakterizə edir. Ümumilikdə Viktoriya erasına nəzər yetirsək, Britaniya imperiyasının ən “güclü və böyük” dövrü həmin vaxt aralığına düşür.


1830-cu illərin əvvəllərində İngiltərə ən zəngin dövrünü yaşamaqla yanaşı, təzadlı islahatlarla yadda qalıb.

Buxarla işləyən ilk ictimai dəmir yolu xətti açılması fonunda sənaye inqilabına addım atıldı. Zəngin xalqın zəngin düşüncələri siyasi arenaya da sıçramağı bacarıb: Seçmək və seçilmək haqqında müzakirələr siyasi dəyişikliyi qaçınılmaz etdi. Bununla da parlament 1832-ci ildə islahat qanununu qəbul etməli oldu. Sözdə bərabərlik və insan haqlarından bəhs edən bu sənəd də ingilis cəmiyyətində siniflər arasındakı divarı yıxa bilmədi.

30-cu illərin ilk 5 ili rifah içində yaşayan ingilisləri qarşıda çətin vaxtlar gözləyirdi. Artan işsizlik və qıtlıq nəticəsində ölkədə bir sıra iğtişaşlar baş qaldırdı. Yoxsul işçi təbəqəsi üçün nəzərdə tutulan gecəqondular tədricən “həbsxana” xarakteri aldı. Burada müasir ingilis xalqına yad olan bütün ağır işlər görülür, məcburi uşaq əməyi, bitməyən uzun iş saatları, anti-sanitariya və fiziki şiddət özünü göstərirdi.

1840-cı illəri əhatə edən orta “Viktoriya erası” Böyük Britaniya imperiyasının başqa qitələrə böyüməsi ilə başladı. Asiya, Afrika, Avstraliya və Amerikaya hökm edən ingilis hökuməti adı çəkilən əraziləri öz koloniyası halına salmış və uzun illər onların sərvətini mənimsəmişdir. Hökumət yoxsulları qorumaq və sivilizasiyanı inkişaf etdirmək adı ilə mütləq xristianlığı dünyanın hər nöqtəsinə yaymağı hədəfləmişdi.

“Viktoriya era”sının “qaymağını yeyən” isə orta sinif təbəqəsi oldu. Onlar müxtəlif sahələrdə inkişaf etmək, imtiyazlı vəzifələrdə işləmək və seçmək hüququ əldə etdilər. Daha yüksək zümrənin nümayəndələri isə ticarət və bankçılıqla məşğul olur, böyük ərazi sahibinə çevrilirdilər. Burada haşiyə çıxaraq qeyd etmək istərdik ki, ingilislərin xalqın inkişafı üçün həyata keçirdiyi islahatlar, xüsusilə, səs vermə hüququ yalnız cəmiyyətin kişi nümayəndələrinə şamil olunurdu. Həmin dövrlərdə hələ qadınlar ölkənin tamhüquqlu vətəndaşları hesab edilmirdi.

1850-1870-ci illəri əhatə edən orta “Viktoriya era”sı yenilikləri ilə deyil, regiondakı siyasi aktivliklə tarixə düşdü. Fransada 2-ci imperiyanın qurulması, İtaliyanın birləşməsi, Amerikada vətəndaş müharibəsi, Krım müharibəsi həmin dövrə təsadüf edir. Mülkiyyət hüququ və ya digər sosial məsələlərlə bağlı vacib qanun qəbul edilməsə də, Böyük Britaniyada təbəqələşmə daha da dərinləşməyə davam edib. Bununla yanaşı sənaye, nəqliyyat sistemi və ticarət tədricən inkişaf etdiyi üçün sosial rifah da durmadan yüksəlirdi.

Viktoriya cəmiyyəti dövrdə də iyerarxik quruluşunu qoruyub saxlamışdı. Din, irq, sosial status cəmiyyətdəki rolları müəyyən edən xuüsusi aspektlər olsa da, Britaniya xalqının həyatında 2 əsas faktor rol oynayırdı: genderlər və siniflər.

“Viktoriya erası” həm də elm, ədəbiyyat və incəsənət sahələrinin inkişaf etdiyi dövr oldu. Həmin dövrün ən yaddaqalan və hələ də mübahisə doğuran elmi yeniliyi təkamül nəzəriyyəsidir. Hər nə qədər onun fikirləri ilə razılaşmayan xristian nümayəndələri olsa da, Çarlz Darvin “Viktoriya era”sının ən məşhur alimidir. Bundan əlavə psixologiya və fizika sahəsində irəliləyiş qət edən “Viktoriyalılar” elmə önəm verirdilər.

Böyük Britaniya İmperiyasının genişlənərək digər qitələrə və materiklərə yiyələnməsindən artıq aydındır ki, Britaniya bu ölkələr arasında mərkəz rolunu oynayır, ingilis dilli cəmiyyət olaraq bütün sahələrə liderlik edirdi. İncəsənət, ədəbiyyat və rəssamlıq müxtəlif üslub və “çoxmillətli beyinlərin məhsulu” olan nəşr nümunələri fərqli dizaynda üzə çıxırdı. Rəsm əsərlərinin əsas mövzusu xristianlıq və imperiyaya aid nağıllar, yığıncaqlar və təbiətin füsunkarlığı olub. Bundan əlavə, ədəbiyyatda məxsusi yeri olan Şekspirin əsərləri də rəssamlar üçün birbaşa ilham mənbəyi idi.

Ciddi, mürəkkəb, təzadlı və bir o qədər də rəngarəng həyatı ilə seçilən Viktoriya dövrü memarlıq, incəsənət, nəşr nümunələri, jurnal və qəzetlərdə xüsusi tərzi ilə də fərqlənirdi. Nəşr nümunələrində qravüra və litoqrafiyada istifadə edilən məşhur işarələmə üsulları “Viktoriya dövrü”nə xas çap elementləri olub.  Burada serif tipoqrafiya və qarışıq fotolar xüsusi rol oynayırdı. Dekorativ sərhədlər, böyük və rəngarəng fontlar demək olar bütün səhifələrdə rast gəlinir. Bu xüsusiyyət tədricən sadə elementlərlə əvəzlənsə də, ümumilikdə tipoqrafik nümunələr dalğavari və ya əyri formada özünü birüzə verirdi. Mükəmməliyyətçi ingilis ruhunu da dəqiq simmetriyada görmək mümkündür.

Ümumilikdə, dekorativ haşiyələr, böyük və mürəkkəb tipoqrafika, bol təsvir nümunələri, düzgün simmetriya və hərdən gözə dəyən sadə düz sərhədlər Viktoriya üslubunun əsas xüsusiyyətləridir.

Bütün mənfi xüsusiyyətlərinə baxmayaraq “Viktoriya dövrü” ədəbiyyat, incəsənət və memarlıq sahələrinə öz zəngin qatqısını göstərmişdir. Erkən vaxtlarında realist üsluba malik incəsənət nümunələri dövrün sonlarına yaxın reallıqdan uzaqlaşaraq mifologiya və fantaziyaya yerini vermişdir. Həmin dövrə təsadüf edən dizayn nümunələri parlaqlıq, canlılıq və rəngləri ilə seçilir. Jurnal və ümumilikdə nəşr nümunələrində isifadə olunan fotolar, illustrasiyalarda mifologiya qəhrəmanlarına, keçmişi xatırladan antik əşyalara, təbiət və dağlara yer verilib.

Viktoriya erasınadək keçmiş çap üsulları yalnız düz və sadə, eyni zamanda rəngsiz dizayn nümunələrinin çapını mümkün edirdi. Rəngli çap maşınının hazırlanması prosesi daha maraqlı və rəngarəng etdi. Nəticədə, dizayn nümunələri daha özünəməxsus oldu, düz simmetrik xətlər dalğavari haşiyələrlə əvəzləndi. Bu isə yalnız sənətin inkişafından deyil, eyni zamanda, iqtisadi yüksəlişdən də xəbər verirdi.

Viktoriya kommersiya çap məhsulları dövrün geniş yayılmış bəzəkləri və diqqətsiz sənətkarlığı ilə xarakterizə olunurdu. Əgər kiçik g hərfi olmasaydı, dizayner onun yerinə başı-aşağı formada b hərfindən istifadə etməyə üstünlük verərdi. Diqqət çəkən məqamlardan biri tipoqrafiyanın daha bold olmasıdır.

“Fat Face” adlanan bu tip dizaynlar Viktoriya dövrünə xas hesab edilir. İşindən zövq alan taxta qravüraçılar hərflərə kölgələr, konturlar və bəzəklər əlavə edirdilər. Məsələn, böyük enli “Egyptian” font forması həmin dövrdə yaranmışdır.

Ümumilikdə, Viktoriya hakimiyyəti memarlıq və dizaynın bütün aspektlərində orta əsrlər və ya qotik üsluba maraq göstərib. Viktoriya dövrünün çap dizayn nümunələrində fəlsəfə axtarmağa dəyməz, həmin dövr “İnqilab erası” adlandığı üçün istər naşirlər, istərsə də dizaynerlər kütləvi istehsal texnologiyalarından mümkün qədər geniş istifadə etməyə çalışırdılar.

Teqlər