Firmin Didot kimdir?


Firmin Didot 1764-cü il 14 apreldə Fransanın mətbəə tarixinə böyük təsir göstərən, mətbəəçilər və naşirlərdən ibarət Didot ailəsində dünyaya göz açmışdır. O, Fransua Didot tərəfindən qurulan bu ailənin nəvələrindən biri idi. Ailənin kağız fabriki Essones şəhərində Parisdən 30 km cənub-şərqdə, görkəmli kağız fabrikləri olan Korbeil yaxınlığında yerləşirdi. Onlar klassiklərin illüstrasiyalı nəşrləri ilə yanaşı, elmi mətnlərin ucuz nəşrlərini həyata keçirərək şöhrət qazanıblar. 1789-cu ildə Firmin və böyük qardaşı atası Fransua Ambrois Didotun mətbəəsini miras alırlar. 1798-ci ildə isə səyəsində ən çox tanındığı yazı tipini, Roma şriftləri ailəsinə daxil olan Didot şriftini yaradır. O, həmçinin Didot ülubuna aid müxtəlif şriftlərin müasir təfsiri olan Ambroise şriftini yaradıb. Bu şrift g, y, k kimi orijinal formalar da daxil olmaqla 1830-cu ildə hazırlanmışdır. Bu simvolları Vibert şriftlərində görmək mümkündür. Qras Vibert Didot ailəsi üçün metal lövhələrdə hərf qəlib kəsicisi kimi xidmət göstərirdi. Keçmiş dövrdə bu çox çətin və uzun vaxt tələb edən bir iş idi. Firmin Didot 1797-ci ildə stereotip sözünü icad etdi və bu sözü özünün yaratdığı yeni çap texnikasına ad olaraq verdi. Stereotip, səhifələrin çoxlu sayda tək-tək hərflərlə yazılması deyil, xüsusi metal lövhələrdən mətni birbaşa səhifəyə köçürmək  texnikası idi. O, bu prosesdən ilk dəfə Kalletin Loqarifmlər Cədvəllərinin nəşrində istifadə etdi və o zamanadək əlçatmaz olan dəqiqliyə nail oldu.  Fərqli Didot şrift üslublarından söhbət açıldıqda isə şirkətin şrift kataloqlarına nəzər saldıqda bunun bir dizaynerin deyil, uzun müddətli komanda işi olduğunu ayırd etmək çətin deyil. İyirminci yüzillikdə yaşadığınız ölkədən asılı olaraq adətən yalnız bir şrift tipinə rast gəlmək olardı. Məsələn: Klod Qaramond zamanında Qaramond (Garamond), Didot zamanında isə Didot tipi. Keçmişdə şrift tipləri uzun müddət dəbdə qalırdı. Misal üçün XVII əsrin ortalarında çalışmağa başlayan Didot ailəsi işə XX əsrə qədər davam etmişdir. Tipoqrafikada bir ölçü vahidinə Firmin Didotun adı verilmişdir: Didot nöqtəsi. Yenə də Didotun icad etdiyi pika ilə birlikdə mükəmməl ölçü vahidləridir. Bir pika 12 nöqtə, 72 nöqtə 1 düym, 1 düym isə 2.54 sm-ə bərabərdir. 1801-ci ildə Luvrda keçirilən ilk sənaye sərgisi zamanı Didot Napoleon Bonapart tərəfindən qızıl medala layiq görüldü və daha sonra 1812-ci ildə İmpertaor Çap Mətbuatının direktoru təyin edildi. O, ömrünün sonunadək bu vəzifəni icra etdi.



Didot şriftinin tarixçəsi


Didot ümumiyyətlə ilk müasir şrift hesab olunur. Didot şrifti artan kontur kontrastı, incə xətt konturları ilə xarakterizə olunur. Bu neoklassik serif şrift tipidir. Kütləvi mətnlər üçün uyğun olmasa da, əsasən geniş formatlı lövhələrdə və müxtəlif nümayiş məqsədləri üçün istifadəyə yararlıdır. Firmin, Giambattista Bodoni ilə birlikdə yazı tiplərinin Müasir, Neoklassik və Didone təsnifatını hazırlamaqla tanınır. XVIII əsrin bəlkə də ən çox tanınan şriftlərindən olan Baskervildən ilhamlanan Firmin Didot 1784-cü ildə ilk şrifti ərsəyə gətirməmişdən öncə o dövrün mövcud hərf formaları ilə təcrübə apararaq mətbəə üslubunun sərhədlərini genişləndirdi. Maraqlı tərəf budur ki, Firmin Didot orijinal şrifti heç vaxt tam olaraq tamamlaya bilməyib, lakin bir çox çap fabriki tipoqrafika nəhənginin şərəfinə Didot tipinin törəmələrini yaradıblar. Didot şrifti tarix boyu dəfələrlə təkmilləşdirilib, canlandırılmışdır: onun ən son versiyalarından biri HTF Didot-dur. Twitter, Coca-Cola və Apple kimi şirkətlərin istifadə etdiyi şriftləri dizayn edən Hoefler&Co şirkəti, 1991-ci ildə aparıcı moda jurnallarından biri olan Harper's Bazaar-ın brend dizaynı üçün Didot şrift ailəsini dizayn etməyi öhdəsinə götürmüşdür. Hoefler&Co şirkəti ailənin 6 üslubunun hər birini 7 fərqli optik ölçüdə tərtib edərək bütün ölçülərdə incə xəttləri qoruyub saxlamışdır: 6, 11, 16, 24, 42, 64 və 96 nöqtə. Şriftin müvafiq ölçülərlə birlikdə düzgün  istifadəsi və xəttlərin aydınlığı sözlərin oxunaqlığını təmin edir. Bir çox araşdırmalara əsasən deyə bilərik ki, şriftlərin istehlakçıların şüurunda ucuzluq, keyfiyyət, zəriflik və ya dəbdəbəlilik kimi müxtəlif çağırışlara səbəb ola biləcəyinə dair sübutlar var. Bəzi şriftlər hətta cinsin qavranılmasına təsir edir, məsələn, brend izləyicinin zehnində daha çox kişiyə və ya qadına məxsus məhsul kimi görünür. Adətən daha kobud şriftlər güc və həmrəylik, daha incə olanları isə sədaqət və lütf ilə əlaqələndirilir. Bu, Bazaar kimi bir moda jurnalının Didot kimi bir şriftdən istifadə etməsinin bariz nümunəsidir.


Didot serif şrift tipi olduğuna görə Helvetica, Archer, Verlag və Montserrat kimi şriftlərlə yaxşı uyğunlaşır. Serif incə bir cizgi olduğu üçün başlıqlarda gözəl görüntüyə imkan yaradır. Bununla yanaşı Didot başlıqlarda əla görünsə də, istifadə etmək istədiyiniz dizaynın mövzusu ilə düzgün ahəng yaratmalıdır. Bu şrift rəsmi və klassik ab-hava yaradır. Bir moda veb saytı və ya sosial media reklamı üçün başlıq ya da logo yaradacaqsınızsa Didot yaxşı seçimdir, lakin ailəvi tədbirə dəvət üçün afişa və s. kimi yerlərdə dizayna lazım olandan daha artıq ciddiyət qatacaqdır. Ümumi olaraq bildirmək lazımdır ki, bu şrifti yükləyib, uyğun yerlərdə istifadə etsəniz heç də peşman olmayacaqsınız.






Teqlər