Parodiya nədir?

Parodiya müəyyən yazarın, rəsm əsəri, məşhur bir insan və ya musiqinin ironik, satirik və ya komedik baxımdan imitasiya edilməsidir. Parodiya həmişə insanda məhz gülüş hissi yaratmaq üçün yox, həmçinin, müəyyən mövzu ətrafında düşündürməyə sövq etmək üçün istifadə edilə bilir.

“Parodia” yunan sözüdür və “digəri ilə eyni anda ifa edilən mahnı” deməkdir.

Vizual Parodiya nədir?

Modern incəsənəti parodiya olmadan təsəvvür etmək mümkün deyil və vizual parodiya isə bizim daimi olaraq qarşılaşdığımız bir incəsənət formasıdır. Vizual Parodiya əsər və ya müəllifin təqlid edilərək mesaj verilməsidir. Qeyd edildiyi kimi, bu mesaj yumoristik, ironik və ya düşündürücü ola bilər.

Vizual parodiyanın ilkin başlama tarixi dəqiq  bilinməsə də, onun hələ qədim yunan filosofu Aristotelin zamanına qədər uzandığı təxmin edilir.

Parodiyalarda mübaliğə və əhəmiyyətsizləşdirmə kimi strategiyalardan istifadə edilə bilər, lakin əsas məqsəd parodiya edilən nümunənin tərz və üslubunu saxlayaraq onu uyğun formada dəyişməkdir. Məşhur rəsm əsərləri, brend loqoları, yazarların yazı üslubu və s. vizual parodiya mənbəyi ola bilər.

Dünyada ən çox vizual parodiya edilmiş əsərlərə Leonardo Da Vinçinin “Mona Liza”, Vinsent Van Qoqun “Ulduzlu gecə”, Yohannes Vermerin “Mirvari sırğalı qız”, Edvard Münxinin “Qışqırıq” əsərləri daxildir.


Lakin, bu üslub parodiya etdiyi mənbədən asılı olaraq mübahisələrə yol aça bilər. Din xadimləri və siyasətçilər haqqında edilən parodiyalar həmişə bu kateqoriyaya aid edilən nümunələrdir.

Etiraz və ya üsyankar təbiətli çıxışlarda vizual parodiya geniş istifadə edilir. Belə ki, bəyənilməyən bir mənbənin məqsədəuyğun dəyişdirilməsi bir qrupun fikrinin çatdırılmasında təsirli rola malikdir.

Postmodernist bir dönəmdə artıq “dəbdən düşmüş” olaraq kateqoriyalanan bir çox sənət nümunələri digərləri tərəfindən müasir dövrə uyğunlaşdırılaraq yenidən təqdim edilir. Vizual parodiyanın bu növü ilə adını tanıdan rəssamlardan biri fransız Martial Raysdır. O, əsərləri neon rənglərə bürüyərək parodiya etmiş və yeni nəfəs vermişdir.

Digər məşhur postmodern parodiya sənət nümayəndəsi isə italyan Marko Battalyinidir.

Battalyini klassik rəsm əsərlərini Pop-Art üslubu ilə birləşdirərək yeni sənət nümunələri yaratmış və onları incəsənət sevərlərə təqdim etmişdir.

Teqlər