1960-cı illərdə San-Fransiskoda Hippi hərəkatına mənsub rəssamlar tərəfindən yaradılan psixodelik dizayn canlı rənglərə, sərbəst axan xətlərə və kaleydoskopik naxışlara malik sənət formasıdır. Gəlin bu üslubun tarixini, onun elementlərini, psixodelik sənətin müxtəlif sahələrdə tətbiqini və daha çoxunu birlikdə öyrənək. 


Psixodelik Dizayn nədir?


Psixodelik sözünü hissələrə ayırdıqda onun latınca ağıl mənasını verən “psyche” sözündən və təzahür etmək və ya oyatmaq mənasını verən yunanca “delos” sözündən gəldiyini görürük: “zehni oyatmaq”. Psixodelik üslub 60-cı illərin ikinci yarısının xarakterik və asanlıqla tanınan üslubu idi. O, həm musiqiyə, həm də vizual sənətə istinad edirdi. Onun inkişafına əsasən Hippi hərəkatı (Çiçək Gücü ideologiyası), pasifizm və Uzaq Şərq mədəniyyətinə maraq, əsasən də Buddizm təsir edib.

Bu dizayn üslubunun adı insanların vizual qavrayışına və dünyanı təcrübə etmə tərzinə kəskin şəkildə təsir edən LSD dərmanı ilə əlaqəlidir. Vizual dəyişikliklər dedikdə çox parlaq rənglərə sahib obyektlərin hər iki ucunun əyilməsi, əriyib bir-birinə qarışması nəticəsində ortaya çıxan, aşağıdaki nümünədəki kimi vizual olaraq tərpənmə effektini verən dizayn elementləri nəzərdə tutulur.


Həmçinin, LSD-nin yaradıcılığa təsirini müəyyən etmək üçün Los-Ancelesli Oscar Janiger adlı psixiatr tərəfindən eksperimentlər də aparılıb. Oscar Janiger 50 nəfərlik bir qrupdan öz təxəyyüllərinə uyğun  rəsm əsəri çəkmələrini istəyib. Daha sonra psixiatr qrupdan LSD dərmanı qəbul etdikdən sonra eyni rəsmi çəkmələrini tələb edib. Rəssamların əksəriyyəti LSD-nin onların yaradıcılığını artırdığını bildirib.


Psixodelik dizayn üslubunun tarixi


Çoxları bu cərəyanın əsl mənbəyinin 19-cu əsrə qədər uzandığını bilmir. 19-cu əsrin son 10 ili Nouveau incəsənət növü üçün çiçəklənmə dövrü idi. Bu dövrün afişaları 60-cı illərin bir çox layihələrinə çox bənzəyir. İki incəsənət növü arasındakı fərq isə rənglərdədir: Nouveau rəssamları daha real effektlər əldə etməyə imkan verən palitralardan istifadə edərkən, 60-cı illərdə Psixodelik üslubundan istifadə edən rəssamlar işlərində şənlik və dəliliyi ön plana qoyurdular.

Psixodelik dizaynın təməli həmçinin San-Fransiskodakı hippi hərəkatının arxasında duran ideyalar və motivlərə əsaslanır. Ölümcül Vyetnam müharibəsi fonunda qurulan əks-mədəniyyət hərəkatı müharibə və nifrətdən fərqli olaraq sülh və sevgini təbliğ edirdi. Bu ideallar konservativdən uzaq olan çiçəklər, təbii formalar və qeyri-konformist elementlər vasitəsilə psixodelik sənətdə əks olunurdu. Sənət forması açıq şəkildə liberal xarakter daşıyırdı və ondan istifadə edən rəssamların siyasi mövqeyini ifadə edirdi.


Sürrealizm psixodelik sənətin sələfi hesab olunur. Sürrealizm xəyallardan ilham alırsa, psixodelik sənət insan psixikasından ilhamlanır. İki janr arasındakı oxşarlıqları görmək üçün Salvador Dalinin “Əriyən saatlar” əsərinə baxmaq kifayətdir. Populyar mədəniyyətdən və parlaq rənglərdən ilham alan 1950-ci illərin Pop-art hərəkatı da psixodelik incəsənət hərəkatının presedentidir.


60-70-ci illərdə ən populyar dövrünü yaşayan bu stil bu gün də kommersiya məqsədləri üçün qrafik dizaynerlər tərəfindən reklamlar, afişalar və broşuralarda istifadə olunur.


Psixodelik dizayn üslubunun elementləri


Albom üzlükləri, müharibə əleyhinə posterlər və nəhayət, böyük korporasiyalar öz mesajlarını təbliğ etmək üçün psixodelik sənətin fərqli elementlərindən istifadə edirlər. Bəs bu elementlər nələrdir?


  • Parlaq rənglər. "Optik illüziya" effekti yaratmaq üçün istifadə olunan canlı və bir birinə uyğun olmayan rənglər.
  • Sürreal görüntülər. Psixodelik dizayn üslubunun mühüm bir parçası olan qeyri-adi, bükülmüş, axan və əyri obyektlər
  • Kaleydoskop naxışlar. Vizual səs-küy yaratmaq üçün istifadə olunan təkrarlanan spiral və konsentrik dairələr.
  • Dolama xətlər. Dolanıq və sərbəst axan halda olan xətlər.
  • Ekstremal stilizasiya. Qeyri-adi dünya effekti vermək üçün intensiv şəkildə stilizə edilən dizaynlar. Bu üslubda hazırlanan posterlərdə heç nə təbii görünmür.
  • Kolajlar. Adətən xaos yaratmaq məqsədilə istifadə olunan bir-birinin üzərinə qoyulmuş şəkillər.
  • Məşğulluq. Diqqətinizi cəlb etmək üçün hər bir küncü məşğul olan dizaynlar. Minimalizmdən uzaq olan bu dizaynlar spiral naxışlar, çiçəklər, əyrilər, dolama və axan xətlərlə dolu olur.
  • Qəribə tipoqrafika. Yağlı, qıvrımlı, ilgəkli və oxunması çətin olan tipoqrafiya. Hərflər mütənasib olmayan şəkildə bükülür, dartılır və əyilir ki, dizaynın çatdırmaq istədiyi mesaj bir tapmacaya çevirilsin.

Psixodelik dizayn brendlərdə


Rok konsertləri posterlərindən başqa psixodelik dizayna divar rəsmlərində, komikslərdə, qəzetlərdə və albom üzlüklərində də rast gəlmək olar.

Dizayn sənayəsində fərqlənmək vacib nüansdır. Bunun üçün isə risk etmək vacibdir. Fərqlənən loqo, unikal rəng palitrası, parlaq dizayn tərzi yaradaraq diqqəti cəlb etmək istəyən brendlər məhz psixodelik dizayn üslubundan istifadə edirlər.

Məsələn, Nyu-York rəssamı Piter Maksın dizayn etdiyi General Electric brendinə məxsus saatların reklamını qeyd etmək olar. Reklam başlığı izah edir ki, Maksın saatlarının hər biri "zamanı multi-fantaziya rənglərinə çevirir". Bu və bir çox digər korporativ reklamlarda 1960-cı illərin sonlarında psixodelik mövzuları özündə əks etdirən məhsullar tez-tez korporativ imicdən kənarda saxlanılırdı: reklamlar Psixodelik dizaynın elementlərini əks etdirsə də, ağ-qara şirkət loqosu reklamda vizual məsafəni qoruyub saxlayırdı.


1968-ci ildə Campbell’s şorbasını " Turn your wall souper-delic!" şüarı ilə aşağıdakı psixodelik üslubda hazırlanan poster ilə reklam edib.


Teqlər