Bu gün sizinlə birlikdə **“Ransom Letter”**i kəşf edəcəyik. Öncə istərdim bu ad üzərində düşünəsiniz. Sizə nə hiss etdirir? Qorxu? Sevinc? Səmimiyyət?

Əslində, bunların hamısını özündə birləşdirir. 100-200 il əvvəl bu hərflərlə yazılmış məktub almaq qeyri-adi hesab edilirdisə, hazırda müxtəlif, maraqlı konseptlərdə, əsasən, əyləncəli vizuallar üçün istifadə olunur. Əminəm ki, hər biriniz həyatınızda ən azı bir dəfə bu hərflərlə qarşılaşmısınız. Yaxşı, baxaq, nədir bu hərflər, məktublar?

Amerikada tez-tez zəngin insanların övladları və yaxınları bir qrup cinayətkarın hədəfi olurdu və qaçırılırdı. Bu zaman fidyə almaq məqsədilə həmin varlı insanlara məktublar yazılırdı. Lakin bir müddət sonra Amerika polisi bu məslənin həll yolunu tapdı, onlar əl yazsından anlayan mütəxəssislər yetişdirərək cinayətkarları aşkarlamağa başladı. Hal belə olduqda cinayətkarlar maraqlı və yaradıcı üsuldan istifadə etmək qərarı veriblər. Əsasən qəzetlərdən istifadə edərək uyğun hərfələri kəsməklə fidyə mətnini hazırlamağa başlayıblar. Tarixdə qeydə alınmış ilk bu cür mətnlər fidyə ilə bağlı olduğundan bu məktublar “Ransom Letter” ingilis dilindən tərcümədə Fidyə Yazısı adlandırılıb.



Müasir dövrdə insanlar bu hərflərlə “Sənin uşağın əlimizdədir. 1 MİLYON manat ver, yoxsa onu bir daha görə bilməyəcəksən.” tərzində məktub alsa, əsla bunu ciddi qəbul etməzlər. Lakin bundan ən az 100 il əvvəl bu insanlarda qorxu yaradırdı.

Bir versiyada isə bu hərflər ilə fidyə  istənməsinin ancaq Amerikan filminin xəyal dünyasında mövcud olduğu bildirilir. Çoxumuz bu məktublar ilə elə filmlərdən tanışıq. “Baby’s Day Out” filmini yəqin ki, xatırlayanlar var. Bir vaxtlar onu keçmiş ANS TV kanalında tez-tez izləyə bilirdik. 1994-cü ildə çəkilmiş bu filmin 14:50-ci dəqiqəsində “Ransom Letter” nümunəsi qarşımıza çıxır. Məktubda  ”Oğlunuz əlimizdədir. Polisə zəng etmə” qeydini görürük. Xoşbəxtlikdən film yaxşı sonluqla bitir, real həyatda isə təəssüf ki, bu məktubdan sonra baş verən hadisələrin heç də xoş sonluğu olmadığı qeyd edilir.


Xoşa gələn tarixçəyə sahib olmasa da, “**Ransom Letter”**lər hazırda daha çox əyləncəli mətnlər hazırlamaq üçün istifadə olunur. Artıq bu hərfləri yaratmaq üçün qəzet və jurnallar deyil, xüsusi “template”lər, şriftlər, “plugin”lər və vebsaytlar bizlərin istifadəsinə verilib. Buna misal olaraq bir neçə keçid linkini sizin ilə paylaşıram.

  • İlk olaraq ransomizer - i qeyd etməliyəm. Rəng seçimindən font seçiminə qədər çox geniş funksiyaları var. Mütləq yoxlamalısınız. Bu generatorun növbəti üstünlüyü odur ki, siz daha sonra qeydinizin həm şəkil, həm də HTML versiyasını əldə edə bilərsiniz.
  • Daha sonra fontmeme-ni siyahımıza əlavə edə bilərik. Amma Ransomizer qədər geniş imkanlara sahib deyil.
  • Və növbətisi **jenniferdewalt-dır.** Burada nəticə kifayət qədər yaxşıdır, lakin digər generatorlardan fərqli olaraq burada tənzimləmə imkanımız yoxdur. Eyni sözü “ransomize” düyməsinə klikləyərək təkrar-təkrar fərqli formalarda görə bilərik.

Maraqlıdır, ilk yazacağınız söz və ya mətn nə olacaq?

Bunlardan əlavə kifayət qədər şrift və templeyt nümunələri mövcuddur. Zövqünüzə və dizaynınızın ehtiyacına uyğun rəqəmsal nümunələr tapmaq mümkün olacaq. Ya da bəlkə ənənəyə sadiq qalıb qəzetlərdən istifadə edək? “Ransom Letter” haqqında hələlik bu qədər. Ümid edirəm yazı faydalı oldu.

Teqlər